Naxçıvan Muxtar Respublikasında “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” və “Bədbəxt hadisələrin uçotu, təhqiqi və qarşısının alınması istiqamətində görülən tədbirlər” mövzularında təlim təşkil edilib.
Təlimdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin və Mərkəzin Naxçıvan filialının və Naxçıvanda fəaliyyət göstərən 16 müəssisəni təmsil edən 17 SƏTƏM mütəxəssisi iştirak edib.
Tədbirin məqsədi əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində normativ tələblər, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin uçotu və təhqiqi mexanizmləri, eləcə də risklərin qarşısının alınması istiqamətində görülən tədbirlər barədə iştirakçıların bilik və bacarıqlarının artırılması olub.
Təlim zamanı əməyin mühafizəsi sahəsində mövcud qanunvericilik tələbləri, təhlükəsiz əmək şəraitinin təmin edilməsi, istehsalat risklərinin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.
Qeyd edilib ki, bu cür təlimlər müəssisələrdə təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılmasına, istehsalatda bədbəxt hadisələrin sayının azaldılmasına və SƏTƏM mütəxəssislərinin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verir.
Sonda iştirakçıların bilikləri 12 sual əsasında yoxlanılıb və nəticələr Mərkəzin təlim reqlamentinə uyğun olaraq qiymətləndirilib.