Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Nərimanov rayonunda yerləşən 177 nömrəli tam orta məktəbdə növbəti maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə məktəbin müəllim və şagird kollektivi daxil olmaqla ümumilikdə 100 nəfər iştirak edib.
Çıxışlar zamanı əməyin mühafizəsinin əhəmiyyəti, təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları, eləcə də əmək fəaliyyəti dövründə hüquq və vəzifələr barədə ətraflı məlumat verilib. Bununla yanaşı, yeni qəbul olunmuş standartlar və “Vision Zero” (“Sıfır Gözlənti”) yanaşmasına əsaslanan təhlükəsiz əmək mədəniyyətinin təşviqi məsələləri diqqətə çatdırılıb.
Tədbir interaktiv formatda keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.