Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər üçün Ağdaşda “Əlilliyi olan şəxslərin əmək hüquqları” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında növbəti maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə Nazirliyin digər qurumlarının əməkdaşları, Ağdaş Rayon İcra Hakimiyyətinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri, həmçinin regionda fəaliyyət göstərən müəssisələrin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Görüş zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi olaraq keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edilib, əmək qanunvericiliyinə əməl olunmasının vacibliyi vurğulanıb, müzakirə olunan mövzuların aktuallığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra Xidmətin Mərkəzi Aran regional şöbəsinin əməkdaşları tərəfindən “Əlilliyi olan şəxslərin əmək hüquqları" və “İş yerlərində əməyin mühafizəsi” mövzularında təqdimatlar təqdim olunub. Tədbirdə müəssisə və təşkilatlarda əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması ilə bağlı işəgötürənlərin öhdəlikləri və əmək qanunvericiliyinin tələbləri barədə ətraflı məlumat verilib.
Eyni zamanda, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunması, əməyin mühafizəsi üzrə mütəxəssislərin bilik və bacarıqlarının artırılması, eləcə də iş yerlərində təhlükəsiz əmək mədəniyyətinin təkmilləşdirilməsi istiqamətində dövlət nəzarətinin rolu geniş şəkildə müzakirə olunub.
Sonda iştirakçıların mövzularla bağlı sualları cavablandırılıb.