Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində maarifləndirici təlimlər davam edir.
Təlimdə SOCAR-ın “Kompleks Qazma İşləri Tresti”nin 20 əməkdaşı iştirak edib.
Görüşdə əməyin mühafizəsi və istehsalatda bədbəxt hadisələr, peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta mövzuları ilə bağlı təqdimatlarla çıxış olub.
Təlimdə, həmçinin əməyin mühafizəsi sahəsində qəbul edilmiş 58 yeni dövlət standartı və bu standartların müəssisələrdə tətbiqi imkanları barədə iştirakçılara ətraflı məlumat verilib.
Qeyd edək ki, təlimlərin keçirilməsinin əsas məqsədi işəgötürən və işçilərə əməyin mühafizəsi sahəsində mövcud qanunvericiyin tələbləri, layiqli əməyin təmini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, əməyin mühafizəsi üzrə qəbul edilmiş dövlət standartları və onların tətbiq sahələri barədə ətraflı məlumat verməkdən ibarətdir. Bundan əlavə, istehsalat qəzalarının qarşısının alınması və qabaqlayıcı tədbirlərin gücləndirilməsi üçün onların biliklərinin artırılması da təlimi hədəflərindəndir.