Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin əməkdaşları “Uşaq Hüquqları Aylığı” çərçivəsində Bakı şəhəri 114 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərlə görüş keçirib.
16 şagirdin iştirak etdiyi görüşdə uşaqların əmək hüquqları, bu sahədə qanunvericiliyin tələbləri və uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumat verilib. Şagirdlərə əmək münasibətləri və əmək qanunvericiliyi haqqında da ətraflı izah edilib. Tədbirin məqsədi şagirdlərin əmək hüquqları ilə bağlı biliklərini artırmaq və onları gələcək əmək fəaliyyətinə hazırlamaq olub.
Görüşdə uşaq əməyinin istismarına qarşı mübarizənin əhəmiyyəti vurğulanıb, məcburi əmək və insan alverinin qarşısının alınmasında birgə fəaliyyətin və maarifləndirmə işlərinin vacibliyi qeyd edilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdlərin sualları cavablandırılıb.