Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Qubada işəgötürənlər üçün “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusunda növbəti maarifləndirmə tədbirini keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Quba-Xaçmaz regionunda yerləşən müəssisələrin işəgötürənləri olmaqla, 60 nəfərədək şəxs iştirak edib.
Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin qurulması” mövzusunda videoçarx nümayiş olunub.
Xidmətin Quba-Xaçmaz regional şöbəsinin əməkdaşları mövzu ilə bağlı geniş təqdimatla çıxış ediblər.
Bildirilib ki, əməyin mühafizəsi normaları və qaydaları Əmək Məcəlləsi ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Hər bir işəgötürən Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidir.
Tədbirdə əməyin mühafizəsi, normaları, qaydaları və prinsipləri barədə işəgötürənlərə ətraflı məlumatlar verilib. Qeyd edilib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətlərindən biri də bütün iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə, o cümlədən insan faktorunun üstünlüyü prinsipi əsas götürülərək işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönəlib.
Sonda mövzu ilə yanaşı ümumilikdə əmək qanunvericiliyi və ƏMAS-la (“Əmək və Məşulluq” altsistemi) bağlı suallar cavablandırılıb.