Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Salyanda işəgötürənlər üçün "İstirahət vaxtı, məzuniyyət hüququ və onların təmin edilməsi", "İş yerlərində əməyin mühafizəsi" mövzularında maarifləndirmə tədbiri təşkil edib.
Tədbirdə ictimai birliklərin nümayəndələri, həmçinin Xidmətin Şirvan–Salyan regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 40-a yaxın şəxs iştirak edib.
Çıxışlarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunulub, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi vurğulanıb.
Təlimdə iştirakçılara işçilərin istirahət vaxtı və məzuniyyət hüquqlarının qanunvericiliyə əsasən necə tənzimləndiyi, bu hüquqların qorunmasının əhəmiyyəti izah edilib.
Bundan əlavə, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verilib. Müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstək qeyd olunub, həmçinin yeni qəbul edilmiş standartlarla bağlı iştirakçılar məlumatlandırılıb.
Sonda müvafiq mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.