Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsinin əməkdaşları Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş kapitan Elçin İsmayılovun və Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olmuş gizir Kərim Əliyevin ailələrini ziyarət edib.
E.İsmayılov "Cəbrayılın azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və III dərəcəli "Rəşadət" ordeni ilə K.Əliyev isə "Vətən uğrunda" , "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailələr ilə söhbət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Ailələrin sosial vəziyyəti ilə maraqlanılıb.
Bildirilib ki, bütün şəhid ailələrinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Ziyarət edilən ailələr də sosial ödənişlərlə təmin edilib.
Şəhidlərimizin ailələrinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.