Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Şəki şəhərində işəgötürənlər üçün maarifləndirmə tədbiri keçirilib.
Xidmətin Şəki-Zaqatala regional şöbəsi tərəfindən təşkil olunan tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 18 may – 18 iyun 2026-cı il tarixlərinin “İnsan Hüquqları Aylığı” elan edilməsi ilə əlaqədar keçirilib. Tədbirdə 70-ə yaxın işəgötürən və onların nümayəndəsi iştirak edib.
Maarifləndirmə tədbirində “Əlilliyi olan şəxslərin əmək hüquqları” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında məlumat verilib.
Çıxışlarda əmək münasibətlərində insan hüquqlarının qorunmasının, əlilliyi olan şəxslərin əmək hüquqlarının təmin edilməsinin, onların məşğulluq imkanlarının genişləndirilməsinin və işəgötürənlərin bu sahədə qanunvericiliklə müəyyən edilmiş öhdəliklərinə əməl etməsinin vacibliyi vurğulanıb.
Həmçinin iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, əməyin təhlükəsizliyi və gigiyenası, iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları, yeni qəbul edilmiş dövlət standartları, “Vision Zero” yanaşmasının tətbiqi, habelə Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti barədə iştirakçılara məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.