Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətin tabeliyində Əməyin Müfafizəsi Mərkəzi ilə birgə Şəki şəhərində “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar”, “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisələrdən sığorta”, “İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində çalışacaq mütəxəssislərin əmək qanunvericiliyində nəzərdə tutulmuş üstünlükləri” mövzuları üzrə növbəti maarifləndirici tədbir keçiriblər.
Tədbirdə Xidmətin Şəki-Zaqatala regional şöbəsinin əhatə etdiyi rayonlar üzrə dövlət və özəl sektora aid müəssisə və təşkilatların nümayəndələri, Nazirliyin strukturuna daxil olan region üzrə digər qurumlarının, həmçinin ictimai birliklərin əməkdaşları iştirak ediblər.
Görüş zamanı qonaqlara müvafiq mövzular üzrə milli qanunvericiliyin norma və tələbləri barədə ətraflı məlumat verilib.
“Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin (Mərkəz) əməkdaşı da öz növbəsində sahə üzrə qanunvericiliyin tələblərini qonaqların diqqətinə çatdırmaqla yanaşı qurum haqqında ətraflı məlumat verərək bildirilib ki, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə, əməyin mühafizəsi üzrə standard, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir.
Tədbirin sonunda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.