Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) mütəxəssisləri üçün təlim təşkil olunub.
Təlim ixtisası qeyri-mühəndis olan SƏTƏM mütəxəssisləri üçün “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda keçirilib. Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları tərəfindən təşkil olunan təlimdə ümumilikdə 25 nəfər SƏTƏM mütəxəssisi iştirak edib.
Təlim zamanı əməyin mühafizəsinin əhəmiyyəti, istehsalatda təhlükəsizliyin təmin olunması qaydaları, eləcə də əmək fəaliyyəti zamanı hüquq və vəzifələr barədə geniş məlumat təqdim olunub. Mütəxəssislər çıxışlarında əməyin mühafizəsi tələblərinə riayət olunmasının əməkdaşların sağlamlığının qorunması və istehsalatda səmərəliliyin artırılmasında mühüm rol oynadığını vurğulayıblar.
Təlimin əsas məqsədi iş yerlərində baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, profilaktik tədbirlərin gücləndirilməsi, qanunvericilik tələbləri barədə məlumatlandırmanın artırılması, eləcə də əməyin mühafizəsi üzrə dövlət standartlarının tətbiqi və “Vision Zero” yanaşmasının prinsiplərinin izahı vasitəsilə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına töhfə verməkdir.