Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Sülh aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə Xidmətin əməkdaşları, sosial tərəfdaşlar olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri və işəgötürənlər iştirak ediblər.
Tədbirdə əmək və icra intizamının təmin edilməsi qaydaları, iş yerlərində əməyin mühafizəsi, uşaqların əmək hüquqları, ayrı-seçkiliyin qarşısının alınması və təhlükəsiz əmək şəraitinin təmin edilməsi məsələləri barədə məlumat verilib. 21 avqust – 21 sentyabr tarixlərinin ölkəmizdə “Sülh aylığı” elan edilməsi nəzərə alınaraq, insan hüquqları və sülh mədəniyyəti ilə təhlükəsiz və bərabər əmək mühiti arasındakı əlaqəyə diqqət çəkilib.
Çıxışlar zamanı əmək qanunvericiliyinin tələbləri, əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri, iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları, eləcə də bu sahədə tətbiq olunan dövlət standartları barədə ətraflı məlumat verilib. Bildirilib ki, uşaqların əmək hüquqlarının qorunması, ayrı-seçkiliyin qarşısının alınması, əmək hüquqlarına hörmətin və təhlükəsiz əmək şəraitinin təmin edilməsi insan hüquqlarının qorunmasına, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin möhkəmləndirilməsinə xidmət edir.
Tədbirdə, həmçinin işəgötürənlərin əmək qanunvericiliyinin və əməyin mühafizəsi tələblərinin icrasında üzərinə düşən vəzifələrə diqqət çəkilib.
Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.