Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Sumqayıt şəhərində işəgötürənlər üçün “Uşaqların əmək hüquqları, məcburi əmək və insan alverinin qarşısının alınması”, “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri keçirib.
Tədbirdə Nazirliyin strukturuna daxil olan digər qurumların, ictimai birliklərin nümayəndələri, eləcə də Xidmətin Abşeron-Xızı regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 50-dən çox şəxs iştirak edib.
Tədbir zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edilib, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyini vurğulanıb. Eyni zamanda, “İnsan Hüquqları Aylığı”na (18 may – 18 iyun) təsadüf edən bu tədbirdə müzakirə olunan mövzuların aktuallığını iştirakçıların diqqətinə çatdırıb.
Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşı çıxış edərək, Mərkəzin fəaliyyət istiqamətləri və əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verib. O, müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstəyi vurğulayıb və yeni qəbul edilmiş standartlarla bağlı iştirakçıları məlumatlandırıb.
Sonda müvafiq mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.