Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Sumqayıt şəhərində işəgötürənlər üçün maarifləndirmə tədbiri təşkil olunub.
Tədbir “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr edilib. Görüşdə Sumqayıt şəhəri üzrə fəaliyyət göstərən 30-a yaxın işəgötürən və onların nümayəndələri iştirak ediblər.
Tədbir zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi olaraq təşkil edilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi diqqətə çatdırılıb, eyni zamanda müzakirə olunan mövzuların aktuallığı qeyd edilib.
Daha sonra regional şöbənin əməkdaşları tərəfindən təqdimatlar edilib. Təqdimatlar zamanı əmək müqaviləsinə xitam verilməsinin qanuni əsasları və tətbiq edilən prosedurlar, habelə iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi ilə bağlı tələblər ətraflı izah olunub. Bununla yanaşı, əməyin mühafizəsi üzrə mütəxəssislərin rolu, təhlükəsiz əmək mədəniyyətinin formalaşdırılması və bu sahədə dövlət nəzarətinin əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.