Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları üçün növbəti maarifləndirmə təlimi təşkil olunub.
Təlim çərçivəsində əməyin mühafizəsi sahəsində təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində görülən profilaktik tədbirlər barədə ətraflı məlumat təqdim edilib.
Eyni zamanda, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, əməyin mühafizəsi mədəniyyətinin təşviqi, təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılması, eləcə də hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyəti müzakirə olunub. Təlim zamanı yeni qəbul edilmiş standartlar və “Vision Zero” (“Gözlənti) yanaşmasına əsaslanan qabaqlayıcı təhlükəsizlik modeli barədə məlumat verilib. Həmçinin “Peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi”, “İş yerində psixoloji sağlamlıq və təhlükəsizlik”, eləcə də “Psixososial risklərin idarə olunması üzrə rəhbəredici göstərişlər”i müəyyən edən AZS ISO 45003 standartının əsas tələbləri və tətbiq mexanizmləri iştirakçıların diqqətinə çatdırılıb.
Təlim interaktiv formatda keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzular üzrə fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıların bilikləri qiymətləndirilib. Nəticələrə əsasən, təlimi uğurla başa vuran şəxslərə müvafiq sertifikatlar təqdim olunacaq.