Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Tovuzda işəgötürənlər üçün “ƏMAS-ın imkanları və yeniliklər” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri keçirib.
“Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirdə region üzrə Nazirliyin strukturuna daxil olan digər qurumların, Tovuz Rayon İcra Hakimiyyətinin və ictimai birliklərin nümayəndələri ilə yanaşı, Qazax-Tovuz regional şöbəsinin əhatə etdiyi rayonlardan olan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 200-dək şəxs iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qazax - Tovuz regional şöbəsinin rəisi Anar Qocayev Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edərək əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyini vurğulayıb. Eyni zamanda, tədbirdə müzakirə olunan mövzuların aktuallığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra regional şöbənin əməkdaşları təqdimatlarla çıxış edərək iştirakçıları maraqlandıran sualları cavablandırıblar.