Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi “Unimetal” MMC-nin işçiləri üçün əməyin mühafizəsi üzrə praktiki təlim təşkil edib.
Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkili, əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri mövzusunda keçirilən təlimdə müəssisənin 13 əməkdaşı iştirak edib.
Təlim zamanı əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, risklərin qiymətləndirilməsi, təhlükəli və zərərli istehsalat amillərinin təsirinin azaldılması, fərdi mühafizə vasitələrindən düzgün istifadə, iş yerlərində təhlükəsizlik qaydalarına əməl olunması və təsdiq edilmiş dövlət standartları barədə ətraflı məlumat verilib.
Eyni zamanda, iştirakçılara “Vision Zero” konsepsiyasının əsas prinsipləri təqdim olunub, təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Təlimdə iş yerlərində qabaqlayıcı tədbirlərin gücləndirilməsi, risklərin idarə olunması və əmək təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi ilə bağlı praktiki tövsiyələr də səsləndirilib.
Qeyd edək ki, təlim iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin olunması, peşə risklərinin vaxtında müəyyənləşdirilməsi, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində əməkdaşların bilik və bacarıqlarının artırılmasına, eləcə də əmək təhlükəsizliyi sahəsində məlumatlılığın və profilaktik yanaşmanın gücləndirilməsinə xidmət edib.