Vətən Müharibəsinin 5-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şəhid ailələrinin ziyarətləri davam etdirilir.
Bu çərçivədə Xidmətin əməkdaşları şəhid Hüseynzadə Murad Mahmud oğlunun Lənkəran şəhərində yaşayan ailəsini ziyarət ediblər.
M. Hüseynzadə Qubadlı və Cəbrayıl rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Eyni zamanda, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları İsmayıllı rayonunda iki şəhid ailəsini – şəhid Musayev Ramil Aydın oğlu və şəhid Dəmirov Vüsal Aydın oğlunun ailələrini ziyarət ediblər.
Xüsusi Təyinatlı Qüvvələrin giziri olmuş Ramil Musayev, Vətən müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhid Dəmirov Vüsal Aydın oğlu isə Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətənə xidmətə görə” medalları ilə təltif edilib. Bundan öncə V. Dəmirov Aprel və Tovuz döyüşlərində də iştirak edib.
Ziyarətlər zamanı şəhidlərin ailə üzvləri ilə görüşülüb, onların qayğıları dinlənilib, dövlət tərəfindən şəhid ailələrinə göstərilən dəstək və sosial proqramlar barədə məlumat verilib.
Qeyd olunub ki, şəhid ailələrinin sosial müdafiəsi və rifahının təmin edilməsi dövlətin daimi diqqət mərkəzindədir və bu istiqamətdə həyata keçirilən dəstək tədbirləri gələcəkdə də davam etdiriləcəkdir.