Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə Xankəndi şəhərində növbəti maarifləndirmə tədbiri keçirilib.
Tədbir Xankəndi şəhərində fəaliyyət göstərən 3 işəgötürənin 150 işçisini əhatə edib.
Maarifləndirmə tədbiri zamanı iştirakçılara əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışması, həmçinin yeni dövlət standartlarının tətbiqi ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda dövlətin layiqli əmək siyasəti, əmək qanunvericiliyinin əsas tələbləri, iş yerlərində təhlükəsizlik standartları və mina təhlükəsizliyi qaydaları iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində iştirakçılara yaddaş kitabçaları, maarifləndirici bukletlər və digər təlimat xarakterli materiallar təqdim olunub, suallar cavablandırılıb.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri iştirak edib, fəaliyyət istiqamətləri üzrə maarifləndirmə işi aparıblar.
Qeyd edək ki, azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə əməyin mühafizəsinə dair bu cür tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.