Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən Qusar rayonunda Vətən müharibəsi və lokal antiterror tədbirləri zamanı şəhid olmuş üç hərbçinin ailəsi ziyarət edilib.
Ziyarət zamanı Xüsusi Təyinatlı Qüvvələrin giziri Elnur Pirseyidov Nasir oğlunun Vətən müharibəsində Murov silsiləsi, Talış kəndi və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirakı və göstərdiyi qəhrəmanlıq xatırlanıb. Bildirilib ki, Elnur Pirseyidov 2020-ci il oktyabrın 6-da Madagiz istiqamətində gedən döyüşlərdə şəhid olub. O, Avaran kənd qəbiristanlığında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Daha sonra Azərbaycan Ordusunun baş giziri Şıxmir Ağamirov Qabil oğlunun ailəsi ziyarət edilib. Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Şıxmir Ağamirov 2020-ci il noyabrın 7-də şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ziyarət zamanı lokal antiterror tədbirləri zamanı şəhid olan 19 yaşlı Murad İskəndərov Əlağa oğlunun ailəsi ilə də görüş keçirilib. Çiləgir kəndindəki şəhid Ə.Əlyarov adına tam orta məktəbdə təhsil alan Murad İskəndərov hərbi xidmətini başa vurmasına az müddət qalmış şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilib.
Görüşlər zamanı şəhidlərin Vətən qarşısında keçdiyi şərəfli döyüş yoluna ehtiram ifadə olunub, ailələrin sosial vəziyyəti ilə maraqlanılıb. Bildirilib ki, şəhid ailələrinin sosial müdafiəsinin və rifahının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir.