Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə ISO standartlarına dair təlim təşkil edilib.
Həm əyani, həm də onlayn formatda keçirilən təlim “ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi”, “ISO 37001:2016 – Rüşvətə qarşı İdarəetmə Sistemi” və “ISO 45001:2018 – Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası İdarəetmə Sistemi” mövzularına həsr olunub.
Təlim “Azericert” MMC tərəfindən həyata keçirilib. Sessiya çərçivəsində iştirakçılara ISO anlayışı, standartların yaranma səbəbləri, hazırda tətbiq edilən beynəlxalq standartlar haqqında ümumi məlumatlar, həmçinin bu standartların tətbiqi imkanları barədə ətraflı məlumat verilib.
Xidmət əməkdaşlarının beynəlxalq standartlara uyğun biliklərlə təmin olunması xidmət fəaliyyətinin təkmilləşdirilməsi, idarəetmə mədəniyyətinin gücləndirilməsi və iş proseslərinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Təlim interaktiv şəkildə davam etdirilib, iştirakçılar mövzu ilə bağlı suallarını ünvanlayıb və fikir mübadiləsi aparılıb.