Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində "Azərbaycan Respublikasında ətraf mühitin dayanıqlığına doğru genderə həssas ədalətli keçidin təşviqi” mövzusunda keçirilən seminar davam edib.
Tədbirin ikinci günündə hökumət rəsmiləri, beynəlxalq qurumların, sahibkarlar və həmkarlar təşkilatlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər iştirak edib.
Seminarda çıxış edən Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə digər sahələrdə olduğu kimi, əmək və əhalinin sosial müdafiəsi sahəsində də dövlət siyasətimizin mərkəzində vətəndaşın rifahı və məmnunluğunun təmini dayandığını və bu hədəfin əsas istiqamətlərindən birinin layiqli əməyə nail olunmasının, sağlam, təhlükəsiz və sabit iş yerlərinin yaradılmasının olduğunu bildirib.
Rəis müavini qeyd edib ki, bu kimi görüşlər gender müzakirələrinin iqlim siyasəti və proqramlarına inteqrasiyasının effektivliyini artırır. O. Hüseynzadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq həyata keçirilən tədbirlər nəticəsində “Əmək və məşğulluq” altsistemindən (ƏMAS) əldə olunmuş məlumatlara əsasən cari ilin 1 iyul tarixinə olan aktiv əmək müqaviləsi bildirişinin 43%-i qadınlar, 57%-i kişilər təşkil etdiyini, ilin əvvəli ilə müqayisədə qadınlar üzrə bildiriş sayında 0.2%, orta əmək haqqıda 2.5%, median əmək haqqında isə 2.4% artım olduğunu, iyul ayının birinə olan statistikaya əsasən isə 31 730 işəgötürən üzrə qadın işçilər üzrə bildirişlərin sayı kişi işçilər üzrə bildirişlərin sayından çox olduğunu qeyd edib.
Seminar çıxışlar, plenar iclaslar və müzakirələrlə davam edib.