Haqqımızda

1919-cu il avqustun 5-də AXC Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində əməyin mühafizəsi, əmək haqqı dərəcələrini və əmək mübahisələrini tənzimləmək məqsədilə Əmək Müfəttisliyi təsis olundu. Müfəttisliyin yaradılması ilə əməyin mühafizəsinə nəzarət işi bir idarədə cəmləşdi və onun nəzarət dairəsi respublikanın bütün ərazisini  əhatə etdi.

Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi fəaliyyət göstərirdi. AXC parlamentinin 1918-ci il 7 dekabr tarixli “Fəhlə məsələsi haqqında” qərarında əmək qabiliyyətini tam və ya qismən itirdikdə fəhlələrə sığorta verilməsi müəyyən edilmişdi.

90-cı illərin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət təsisatlarının yenidən təskilinə başlanıldı. 1997-ci il 27 yanvar tarixində ƏƏSMN nəzdində Dövlət Əmək Müfəttisliyi (DƏM) yaradıldı. 2011-ci ildə isə DƏM-in bazasında ƏƏSMN yanında Dövlət Əmək Müfəttisliyi Xidməti (DƏMX) təsis edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttisliyi Xidməti haqqında Əsasnamə” təsdiq edilmişdir.

DƏMX mülkiyyət və təskilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən hüquqi səxslər, xarici hüquqi səxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (işəgötürənlər) tərəfindən Əmək Məcəlləsinə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. DƏMX vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən bilavasitə və öz səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmkarlar ittifaqları, işəgötürənlər birlikləri, yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarsılıqlı əlaqədə fəaliyyət göstərir. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adi həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

DƏMX əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində dövlət siyasətinin hazırlanmasında istirak edir.

Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində, о cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir, əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırır, eyni zamanda işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki köməklik göstərir.

Xidmətin aparatı, regional şöbələr və Naxçıvan Muxtar Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidməti DƏMX-in vahid sistemini təşkil edir. Xidmətə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Xidmətin rəisi rəhbərlik edir.

Xidmətin rəisinin təqdimatı əsasında Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən üç müavini vardır. Xidmətin yerli orqanlarının rəisləri Xidmətin rəisinin təqdimatı əsasında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

 

Ünvanı: Bakı şəhəri, Cəfər Cabbarlı küç., 37

Telefon: (+994 12) 525 55 45


 

Xidmət rəisinin mesajı

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri də ölkədə əmək bazarının davamlı inkişafına nail olunması, vətəndaşların layiqli əməyinin təmin olunması, işçi hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsidir.

Əmək münasibətləri sahəsində aparılan islahatlarda innovativ həllərin, müasir texnologiyaların geniş tətbiqi əsas prioritetə çevrilmişdir. Belə ki 2022-ci ildə istifadəyə verilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərində köklü dəyişiklikləri nəzərdə tutmuşdur. Bu elektron platforma işçi-işəgötürən münasibətlərinin çevikliyi və şəffaflığı, rəqəmsal kadr kargüzarlığına keçid, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının elektron həlləri, əmək bazarında tendensiyaların bir mərkəzdən izlənilməsi, interaktiv göstəricilər üzrə statistik təhlillərin aparılması və nəticələri üzrə proaktiv nəzarət tədbirlərinin həyata keçirilməsinə geniş imkanı yaradıb.

Digər tərəfdən, aşkar olunmuş hüquqpozmalarla bağlı elektron icraat prosesinə keçid istiqamətində tədbirlər görülməkdədir.

Fəaliyyətimizin əsas prinsipi işçilərin hüquqlarının pozulmasının qarşısını almaqla yanaşı işəgötürənlərə metodiki dəstək göstərmək, səlahiyyətlərimiz çərçivəsində biznes mühitin inkişafına töhfə vermək, risk əsaslı yanaşma modellərini tətbiq etməklə ünvanlı, ədalətli və şəffaf nəzarət mexanizmlərinin qurulmasıdır.

 

                                                                                                                                                                                                                                                                                      Vəli Quliyev

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi

 


 

Missiyamız
 

Əmək qanunvericiliyinə riayət olunmasına nəzarətin həyata keçirilməsi ilə dayanıqlı əmək münasibətləri mühitinə və layiqli əmək şəraitinə nail olmaq əsas missiyamızdır.


 

Gələcəyə baxışımız
 

  • Qabaqcıl təcrübə və modellərin tətbiqi ilə innovativ, şəffaf və ədalətli nəzarət mexanizmlərinin qurulması;

  • Vətəndaşların etimad göstərdiyi nüfuzlu dövlət nəzarət orqanlarından biri kimi tanınma;

  • Mövcud elektron platformaların təkmilləşdirilməsi ilə işçi və işəgötürənlərin məmnunluq səviyyəsinin artırılması;

  • Şəffaf və etibarlı əmək münasibətlərinə, sağlam və təhlükəsiz iş mühitinə nail olunması.


 

Dəyərlərimiz
 

Dürüstlük – dövlətin və cəmiyyətin maraqları naminə qanunvericiliyin tələblərini rəhbər tutmaqla vicdanlı, ədalətli və məsuliyyətli davranış nümayiş etdirilməsi;

Etimadlılıq – Nazirliyin və Xidmətin nüfuzuna və imicinə xələl gətirən hərəkətlərdən (və ya hərəkətsizliklərdən) çəkinməklə maraqlı tərəflərin inam və güvəninin artırılması;

Xoşməramlılıq – cəzalandırılmaya deyil, qanun pozuntularının qarşısının alınmasına üstünlük verilməsi;

Əməkdaşlıq – fəaliyyətin maraqlı tərəflərlə qarşılıqlı dialoq və tərəfdaşlıq formatında qurulması;

Bərabərlik – istisnalara yol vermədən fəaliyyəti yoxlanılan bütün subyektlərin hüquq və qanuni mənafelərinin bərabər tutulması.


 

Prinsiplərimiz
 

Qanunçuluq – Xidmətin vəzifə və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Prezidentin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, tərəfdar çıxdığımız beynəlxalq müqavilələri rəhbər tutması;

Qərəzsizlik – irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin (şəxslərin) üstünlüyünə və ona şəraitin yaradılmasına yol verilməməsi;

Şəffaflıq və hesabatlılıq – Xidmətin qanunvericiliyə uyğun olaraq fəaliyyət istiqamətləri üzrə vəzifələrini şəffaf şəkildə həyata keçirməsi, fəaliyyətinin nəticələri barədə maraqlı tərəfləri və ictimaiyyəti məlumatlandırması;

Keyfiyyətlilik – Xidmətin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və təkmilləşdirilməsi;

İnnovativlik və inkişaf yönümlülük – fəaliyyət istiqamətləri üzrə müasir metod və texnologiyaların tətbiqi, davamlı təlim və inkişaf sisteminin qurulması.