Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Dəyişən iqlim şəraitində əməyin mühafizəsinin təşkili" kampaniyası çərçivəsində maarifləndirmə tədbirləri davam edir.
Növbəti görüş Bakı şəhərində fəaliyyət göstərən və işçi sayı çox olan işəgötürənlərin iştirakı ilə təşkil edilib.
Tədbirdə Nazirliyin və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən işəgötürənlərə əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan standartlar, norma və qaydalar barədə məlumat verilib.
Eyni zamanda, iqlim dəyişikliyi fonunda əməyin mühafizəsi şəraitinin təmin edilməsi, iş yerlərinin attestasiyası qaydaları və əmək qanunvericiliyində son dəyişikliklər diqqətə çatdırılıb. İştirakçılara əməyin təhlükəsizliyi sahəsində işəgötürənlərə fəal metodiki dəstək məqsədinə xidmət edən Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti barədə də ətraflı məlumat verilib.
Maarifləndirmə tədbirlərinə başlanmasında məqsəd qeyd olunan mövzularda işəgötürənlərin məlumatlılığının, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılmasıdır.