Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün "Qadınların əmək hüquqları" mövzusunda növbəti maarifləndirici onlayn tədbir keçirib.
Görüşdə 70-ə yaxın işəgötürən və ya onun nümayəndəsi iştirak edib. Xidmətin Şəki-Zaqatala regional şöbəsinin əməkdaşı tərəfindən mövzu ilə bağlı təqdimat vasitəsilə çıxış edilib.
Xidmətin əməkdaşı çıxışı zamanı bildirilib ki, ölkəmizdə qadınlar əmək münasibətləri sahəsində kişilərlə bərabər hüquqlara malikdirlər. Qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi isə ayrı-seçkilik hesab edilmir.
Tədbir zamanı müəssisə və təşkilatlarda qadınların əmək hüququ, onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsi, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda müəyyən olunan güzəştlər, imtiyazlar və əlavə təminatlar haqqında ətraflı məlumat verilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, müvafiq izahlar verilib.