Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndələri ilə görüş keçirilib. Görüşdə əmək qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflərin müzakirəsi, əmək hüquqları ilə bağlı birgə maarifləndirmə işlərinin aparılması, istehsalatda baş verən bədbəxt hadisələrin azaldılması ilə bağlı preventiv tədbirlərin görülməsi ilə bağlı müzakirə aparılıb. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumlar arasında qarşılıqlı əlaqələrin əhəmiyyətini vurğulayıb. O bildirib ki, birgə iş nəzərdə tutulan məsələlərin həlli prosesinin sürətlənməsinə və faydalı əməkdaşlığa gətirib çıxaracaq. Xidmət rəisi ötən dövrdə birgə görülən işləri xatırladaraq onların növbəti dövrdə də davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Birgə aparılan maariflədirici tədbirlərinin ölkənin bütün regionlarını əhatə etməli olduğunu bildirib.Qurumun nümayəndələri görüşün təşkilindən məmnunluqlarını ifadə ediblər, əməkdaşlığın genişlənməsinin önəmini vurğulayıblar. Görüşdə əmək sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.