Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyindəki DOST Agentliyinin birgə layihəsi (“DOST to DOST”) çərçivəsində 8 may tarixində keçirilmiş “Heydər Əliyev İli”nə həsr olunmuş “Əmək hüquqları” adlı təlim proqramının yekun tədbirində “DOST könüllülər”inin təlim prosesində əldə etdikləri biliklərin qiymətləndirilməsi məqsədilə “sosial-teatr” formatında qrup şəklində müsabiqə keçirilib və qaliblər müəyyən edilib.
“Sosial-teatr” da iştirak edən könüllülər dörd qrupa bölünməklə çıxış ediblər. Qrupların mövzuları tikinti sektorunda təhlükəsizlik, analığın mühafizəsi, daş karxanalarında təhlükəli əmək şəraiti və qeyri-formal məşğulluğun qarşısının alınması olub. Teatrda çıxış edən könüllülər əmək hüquqlarının qorunmasının, qeyri-rəsmi məşğulluqla mübarizəninin vacibliyini diqqətə çatdırmağa çalışıblar. Müsabiqənin qalibi tikinti sektorunda təhlükəsizlik mövzusu ilə çıxış edən “Əməksevər DOSTlar” komandası olub. Qaliblərə və təlim iştirakçılarına hədiyyələr və sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Əmək hüquqları” adlı təlim proqramı Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) tərəfdaşlığı, “Könüllü DOST” proqramının təşkilatçılığı ilə həyata keçirilib.