İşəgötürənlər tərəfindən 2023-cü ilin yanvar-iyun ayları ərzində ödənilməsi gecikdirilən 216 min manatdan çox məbləğdə ödənclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən görülən tədbirlər nəticəsində işçilərə ödənilib.
Həmin vəsaitin 97%-i əmək haqları, qalan hissəsi isə zərərə görə ödənclər, müavinət və kompensassiyalar olub.
Həmçinin Xidmət əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilən 42 işçinin yenidən əvvəlki işlərinə bərpa olunmasına nail olub. Onlarla bağlı yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.
Qeyd edək ki, hesabat dövründə Xidmət tərəfindən 6535 sayda ərizə (şikayət) araşdırılıb, 3936 məktuba (sorğu) baxılıb. Eyni zamanda Xidmətin rəhbər və vəzifəli şəxsləri tərəfindən 4079 vətəndaş fərdi qaydada qəbul edilib.