Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran rayonunda “İstirahət vaxtı, məzuniyyət hüququ və onların təmin edilməsi” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Lənkəran-Astara rayonlarında yerləşən müəssisələrin işəgötürənləri olmaqla, 120 nəfərdən çox şəxs iştirak edib.
“Heydər Əliyev və Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin qurulması” mövzusunda videoçarx nümayiş olunub.
Təqdimatlar vasitəsilə çıxışlar edilib. Məzuniyyət və istirahət hüququ barədə iştirakçılar ətraflı məlumatlandırılıb. Bildirilib ki, işçilərə hər ilin dekabr ayında növbəti iş ili üçün məzuniyyət qrafiki təsdiq edilir və bunun əsasında il ərzində işçilər əmək məzuniyyətinə buraxılırlar.
Əsas və əlavə məzuniyyətlər, onların müddətləri, sosial məzuniyyətlər barədə geniş məlumatlar verilib, suallar cavablandırılıb.