Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəranda işəgötürənlər üçün “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Lənkəran-Astara regionunda yerləşən müəssisələrin işəgötürənləri olmaqla, 200 nəfərdən çox şəxs iştirak edib.
Xidmətin Lənkəran-Astara regional şöbəsinin əməkdaşı mövzu ilə bağlı geniş təqdimatla çıxış edib.
Bildirilib ki, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də onun əməyinin mühafizəsinin təmin edildiyi əmək şəraitində çalışmaqdır. Əməyin mühafizəsi normaları və qaydaları Əmək Məcəlləsi, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.
Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Hər bir işəgötürən Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidir.
Sonda mövzu ilə yanaşı ümumilikdə əmək qanunvericiliyi bağlı suallar cavablandırılıb.