Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzusunda marifləndirici tədbir keçirib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin inzibati binasında keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının və müxtəlif sahələrdə fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri iştirak edib.
Açılış nitqi ilə çıxış edən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Rüfət Əliyev bildirib ki, qeyri-rəsmi məşğulluq əmək ehtiyatlarından səmərəli istifadə olunmasına, layiqli əməyin dəstəklənməsinə, işəgötürənlərin də iqtisadi mənafelərinə, müəssisədə əmək məhsuldarlığına, keyfiyyətli istehsal və xidmət prosesinə ciddi zərər vurur.
Həmçinin qarşıda duran əsas məqsədin ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində vətəndaşların əmək və sosial hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti gücləndirmək, bu sahədə koordinasiyalı fəaliyyəti təmin etmək, qeyri-formal məşğulluğun qarşısını almaqdan ibarət olduğu vurğulanıb. Əmək qanunvericiliyinin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Mövzu ətrafında Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Xidmətin Bakı Şəhər İdarəsinin nümayəndələri tərəfindən qanunvericiliyinin tələbləri barədə çıxışlar edilib.
İnteraktiv formada keçirilən görüşdə əmək qanunvericiliyinin tətbiqi zamanı meydana çıxan suallar və təkmilləşdirilməsinə ehtiyac olan məsələlər, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində həyata keçirilən islahatlar ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırlıb.