Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Tovuzda “İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisələrdən sığorta” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Qazax-Tovuz regional şöbəsinin əhatə etdiyi rayonların müəssisələrinin işəgötürənləri olmaqla, 100 nəfərədək şəxs iştirak edib.
Ümummilli lider Heydər Əliyevin 100 İlliyi münasibəti ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin qurulması” mövzusunda videoçarx nümayiş olunub.
Tədbir 7 oktyabr - Ümumdünya Layiqli Əmək Gününə təsadüf etdiyi üçün iştirakçılara layiqli əmək konsepsiyası və bu günün təsis edilməsi barədə ətraflı məlumat verilib. Xidmətin “Onlayn müfəttiş” layihəsinin layiqli əmək mövzu ilə bağlı xüsusi buraxılışı nümayiş etdirilib.
Xidmətin Qazax-Tovuz regional şöbəsinin əməkdaşları təqdimatlarla çıxışlar ediblər.
Əməyin mühafizəsi normaları və qaydalarının müəyyən edildiyi qanunvericiklik aktları, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə ətraflı məlumat verilib. Həmçinin qeyd edilib ki, əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir.
Eyni zamanda istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması prosesi barədə işəgötürənlər məlumatlandırılıb və istehsalatda baş verən bədbəxt hadisələrdən sığortanın önəmi diqqətə çatdırılıb.
Sonda əmək qanunvericiliyi üzrə suallar cavablandırılıb.